Ağdamın Qiyaslı kəndində  yerləşən məscid (Qiyaslı məscidi)

Qiyaslı məscidi XVIII əsrdə Qarabağ xanlığı dövründə Azərbaycanın Ağdam rayonunun Qiyaslı kəndində tikilmişdir. Məscid adını yerləşdiyi kənddən almışdır. Hesab olunur ki, Qiyaslı məscidi Qarabağın o dövrünün memarlıq xüsusiyyətlərinə uyğun olaraq iki minarəli tikilmişdir. Şuşa və Ağdam şəhərlərindəki məscidlərdəki oxşarlıq bu ehtimalı təsdiqləyir. “XVIII əsrin digər oxşar məscidlərində olan böyük mərkəzi tağ elementi Qiyaslı məscidinə də xasdır”.[1] Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdamın işğalı zamanı məscid pulemyot atəşinə tutularaq yandırılmışdır. Dəlillər göstərir ki, sonralar ermənilər Qiyaslı məscidində mal-qara və donuz saxlayırdılar. Bununla bağlı məşhur fotoqraf Reza Deqati yazır ki, “Mədəni, mənəvi və dini irsin vandalizmi anlaşılmaz və qəbuledilməzdir. Mən bunun müxtəlif konfliktlərdə şahidi olmuşam. Bu günlərdə Qarabağda qəbiristanlıqların talan edildiyini, evlərin yandırıldığını, məscidlərin tövlələrə çevrildiyini gördüm… İşğalçılar rayondan çıxmazdan əvvəl bacardıqlarını götürüb məscidi yandırmışdılar”.[2]

[1] “Victory of Azerbaijani Army put an end to Armenian savage: What do I see in Aghdam”, Apa, 22 December 2020.  https://apa.az/en/nagorno_karabakh/Victory-of-Azerbaijani-Army-put-an-end-to-Armenian-savage-What-do-I-see-in-Aghdam-colorredREPORTAGE-color-colorredPHOTOcolor-338520.

[2] “Armenians burned mosques before leaving Aghdam”, Defence.Az, 30 November 2020.  http://defence.az/az/news/149264/armenians-burned-mosques-before-leaving-aghdam-photos.