Bakının Mərkəzində Müqəddəs Qreqori İlluminator Erməni Kilsəsi

Müqəddəs Qriqori kilsəsi Azərbaycanın paytaxtı – Bakı şəhərinin mərkəzində yerləşən erməni apostol kilsəsidir.

Onun tikintisi 1863-cü ildə başlamış və 1869-cu ildə tamamlanmışdır. Kilsənin zəng qülləsi 20 ildən sonra tikilmişdir. XIX əsrə aid bu memarlıq abidəsi yerli sahibkar Cavad Məlikovun vəsaiti hesabına tikilmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlamazdan əvvəl kilsə Bakının erməni icmasının üzvləri üçün dua mərasimləri keçirilən məkan olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ə yaxınını işğal etməsi nəticəsində məbəd bağlanmışdır.

Lakin memarlıq abidəsi kimi kilsə qorunub saxlanılmışdır. Üstəlik, kilsə vaxtaşırı bərpa olunur və dövlət mühafizəsi altındadır.

Hazırda Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycanda yaşayan ermənilər heç vaxt ayrı-seçkiliyə, təqiblərə məruz qalmamışdırlar.

90-cı illərin əvvəllərində ermənilərin təxribatı nəticəsində kilsədə yanğın baş vermiş, nəticədə məbədin demək olar ki, bütün əşyaları yanmışdır. Lakin bu təxribatçı əməldən əvvəl ermənilər gizli şəkildə kilsədəki bütün dəyərli əşyaları İrəvana aparmışdılar. Bina isə dağıdılmışdı.

Azərbaycan bütün dünyaya multikulturalizm nümunəsi olaraq, ermənilərin özləri tərəfindən dağıdılmış olan Müqəddəs Qriqori kilsəsini bərpa etmişdir. Qeyd etmək lazımdır ki, 2001-ci ildə erməni kilsəsi yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

Bu günə qədər kilsədə erməni dilində olan nadir ədəbiyyat nümunəsi saxlanılır. Ümumilikdə kilsənin kitabxanasında 5000-dən çox köhnə kitab vardır. Erməni dilində olan kitablar arasında 1773-cü ildə yazılan Bibliya (hətta Ermənistanın özündə belə analoqu yoxdur) və 1899-cu ildə yazılan İncil xüsusi maraq doğurur. Erməni tərəfinin Azərbaycan xalqının mədəni və dini dəyərlərinə barbar münasibətinə baxmayaraq, Azərbaycan Respublikası erməni xalqının dini kitablarını qoruyub saxlamışdır.

2010-cu ilin aprelində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin Azərbaycanın paytaxtında keçirilən Ruhani Liderlərin Ümumdünya Sammitində iştirak edərkən Bakıdakı erməni kilsəsini ziyarət etmişdilər.

Azərbaycan və Ermənistan KİV nümayəndələrinin birgə səfərləri çərçivəsində Bakıdakı erməni kilsəsini erməni jurnalistlər ziyarət etmişdilər.

Bütün xalqların, o cümlədən erməni xalqının mədəniyyət və dini abidələrinin qorunub saxlanılması multikulturalizm və tolerantlıq siyasətinin bariz nümunəsidir. Artıq otuz ildir ki, Azərbaycanın tarixi, mədəni və dini irsini məhv edən Ermənistandan fərqli olaraq, Azərbaycan uzun illərdir ki, belə siyasət modeli nümayiş etdirir. Multikulturalizm təkcə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti deyil, həm də bütün Azərbaycan xalqının həyat tərzidir. Dövlət başçısının qeyd etdiyi kimi: “Qədim zamanlardan tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirən xalqımız bu prosesə mühüm töhfələr vermişdir”. Ölkə Prezidenti çoxmillətli Azərbaycan xalqının öz dini, mədəni və etnik kimliyini qoruyub saxlaması üçün hər cür şərait yaratmışdır. Bakının mərkəzində yerləşən Müqəddəs Qriqori kilsəsi bunun əyani sübutudur.