Zərdüştilik

Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc – Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcəkdir və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlardır. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisindən Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfüqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.

Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.