İslam

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. Azərbaycan dünyəvi dövlət olsa da, əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Ölkəmizdə islam dini ənənələri geniş yayılmışdır. Uzun əsrlərdən bəri Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında, Müsəlman İntibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər qazanmışlar. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

Əgər sovet hakimiyyəti dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 mindən yuxarıdır. Həmin məscidlərdən 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. İslam dəyərlərinə, onun tarixi-dini abidələrinə qayğı göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göstərilən bu qayğı nəticəsində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi – Heydər məscidi inşa edilmişdir.

Lakin acı həqiqətdir ki, 30 ilə yaxın dövr ərzində  işğal altında qalmış torpaqlarımızda yüzlərlə dini obyektlərimiz erməni vandalizminin qurbanı olmuş, xüsusi təhqir obyektinə çevrilmişdir. Azad edilmiş ərazilərin müşahidəsi zamanı müəyyən olunmuşdur ki,  bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirilmiş,  60-dan çox məscid, 44 məbəd dağıdılmışdır. Hazırda azad olunmuş ərazilərdə dini-tarixi abidələrimizin də bərpası davam etdirilir.

Sovet imperiyası dağıldıqdan sonra respublikamızda yüzlərlə yeni müsəlman dini icması fəaliyyətə başlamış, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazası əsasında Qafqaz Müsəlmanları İdarəsi təsis olunmuşdur. Azərbaycan Respublikasında fəaliyyət göstərən müsəlman dini icmaları bu tarixi dini mərkəzdə birləşirlər və təşkilat məsələlərində ona tabedirlər.

Müstəqillik dövründə Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsi və müvafiq təhsil müəssisələrinin formalaşdırılması üçün də münbit şərait yarandı. 1992-ci ildə Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsi təsis olundu.

Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir.

2018-ci il fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu təsis olundu və  BDU-nin İlahiyyat fakültəsi həmin institutun strukturuna daxil edildi. Həmçinin respublikamızın müxtəlif bölgələrində islam dininin ehkamlarını öyrədən orta dini təhsil müəssisələri və dini icmaların tərkibində kurslar açıldı.

Sadalanan faktlar onu göstərir ki, müasir Azərbaycanda ənənəvi islami dəyərlərin qorunub saxlanılması və yaşadılması üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır.

İslam dünyası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyildir ki, İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlanır. -Red.) Azərbaycanın ilk üzv olduğu beynəlxalq qurumdur. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq həmin təşkilata üzv olmaq barədə müraciət etmiş, nəticədə 8 dekabr 1991-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına tamhüquqlu üzv kimi qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) üzvü seçilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə pisləyən ilk beynəlxalq təşkilat olmuşdur.

Azərbaycan dövləti qısa zamanda İƏT və İSESKO kimi nüfuzlu beynəlxalq müsəlman qurumların fəal üzvünə çevrilmişdir. Məsələn, ölkəmizin təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumlar təsis edilmişdir.

2006-cı ildə ölkəmizin İSESKO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Ötən dövr ərzində Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İSESKO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. İSESKO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır.

Bu gün Azərbaycan İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfələr verir. Dövlətimizin bu istiqamətdə fəaliyyəti isə müsəlman aləmində yüksək qiymətləndirilir. Bakı şəhərinin 2009-cu ildə İSESKO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvanın layiq görülməsi bunun bariz nümunəsidir.

Azərbaycan dövlətinin müsəlman aləmində sülh və birliyin bərqərar olması sahəsində həyata keçirdiyi mühüm təşəbbüs və tədbirlərə nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini, həmçinin 12-22 may 2017-ci ildə respublikamızın paytaxtında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz töhfəsini vermişdir. Belə ki, “Multikulturalizm ili” çərçivəsində 15 yanvar 2016-cı ildə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək vahid məkanda cümə namazı qılmışlar. “Vəhdət namazı” adlandırılan bu dini mərasimin yerinə yetirilməsi olduqca böyük tarixi əhəmiyyət daşıyır. Müasir dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunan Azərbaycanda vəhdət namazının qılınması və daha sonra bu ibadətin ənənə halına çevrilərək ölkəmizin digər məscidlərində yerinə yetirilməsi, əslində, xalqımızın dünyaya verdiyi bir sülh və həmrəylik mesajıdır. Vəhdət namazının ilk dəfə Heydər məscidində qılınması isə rəmzi məna daşıyır. Çünki məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanda tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Hazırda isə bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gördüyümüz kimi, uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan bu gün də müsəlman aləmində mühüm mövqe tutur. Təsadüfi deyildir ki, respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın üç rəngindən biri, yəni yaşıl rəng Azərbaycan xalqının İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan xalqının mənəviyyatını, həyat tərzini İslam dəyərləri olmadan təsəvvür etmək çətindir. İslam dininin ölkəmizin müqəddəratında, xalqımızın taleyində müstəsna, birləşdirici və mütərəqqi rol oynaması danılmaz tarixi həqiqətdir. Xalqımızın genetik yaddaşında dərin iz qoymuş İslam azərbaycanlıların vahid xalq kimi təşəkkül tapmasına, onların milli kimliyinin, dövlətçilik ənənəsinin, mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. Azərbaycan xalqı İslam sivilizasiyasına mənsub olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla addımlayan Azərbaycan İslam dünyasında özünəməxsusluğu ilə fərqlənir. Çünki Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayan ölkəmiz dünyada dinlər və sivilizasiyalararası dialoqun inkişafına, yer üzündə sülh və harmoniyanın bərqərar olunmasına mühüm töhfələr verir, unikal birgə yaşayış və nümunəvi multikulturalizm modeli təqdim edir. Azərbaycan həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış İslam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.