Yəhudilik

Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, aşkenazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6000-i Bakıda, 4000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Aşkenazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini – iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi nümayəndəliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərmişdir.

Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2011-ci ildə Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq tikilmişdir Eyni zamanda, Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur.