III Fəsil. Dini qurumların əmlak vəziyyəti

Maddə 16. Dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə

Dini qurumlar dövlətin, ictimai təşkilatların və ya vətəndaşların müqavilə əsasında onlara verdikləri binalardan və əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər.

Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər.

Dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə birlikdə onlara, verilməsində üstünlük hüququna malikdirlər.

Dinə mənsub binaların və əmlakın dini qurumlara verilməsi barədə qərarlar müvafiq vəsatətin alındığı gündən etibarən ən geci bir ay müddətində qəbul edilir və bu barədə müraciət edənə yazılı şəkildə məlumat verilir.

Dini qurumlar torpaq sahələrindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edirlər.

Maddə 17. Tarix və mədəniyyət abidələri olan əmlakın verilməsi və ondan istifadə

Tarix və mədəniyyət abidələri olan tikililər və əşyalar dini qurumlara qanunvericiliyə müvafiq qaydada verilə və onlar tərəfindən istifadə oluna bilər.

Dövlət mülkiyyətində olan dini tarix və mədəniyyət abidələrinin özəlləşdirilməsinə və Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş dini təyinatlı mədəniyyət sərvətlərinin mülki dövriyyədə olmasına yol verilmir.

Maddə 18. Dini qurumların mülkiyyəti

Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər.

Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Xaricdə olan əmlak da dini qurumların mülkiyyətində ola bilər.

Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

Dini mərkəz və idarələrin maliyyə vəsaiti bu Qanunun tələbləri nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hüquqi şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayırmaları hesabına yaranır.

Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı göstərilə bilər.

Dini qurumların mülkiyyət hüququ qanunla qorunur.

Qeyd: Bu maddədə “ianə” dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür. 

Maddə 19. Dini qurumların istehsal və təsərrüfat fəaliyyəti

Diki qurumlar qanunvericiliyə və öz nizamnamələrinə müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəstəxanalar və sair təsis edə bilərlər.

Maddə 20. Fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində sərəncam

Dövlətin, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak onların fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qaytarılır.

Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində olmuş əmlak barəsində onun nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərəncam verilir.

Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorların iddiaları üzrə haqq tutula bilməz.

Hüquqi varis olmadıqda, əmlak dövlət mülkiyyətinə keçir.