Xristianlıq

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda mənsublarının sayına görə ən böyük xristian konfessiyası Rus Pravoslav Kilsəsidir. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX əsrin əvvəllərinə təsadüf edir.

Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi “ayin kitablarında” verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.

Alban-Udi kilsəsi. Alban-Udi Xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, “xristian kilsələrinin anası” hesab olunur.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz “dərvişlərə” çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 180 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-Udi Xristian dini icmasının bərpası ilə artıq həyata keçmiş, ədalət və udilərin haqqı bərpa edilmişdir.

Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam reallaşdıra bilmədilər. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki Alban-Udi dini icması dövlət qeydiyyatına alındı: Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Oğuz şəhəri Alban-Udi Xristian dini icması.

Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin rəsmi açılışı olmuşdur. 2020-ci ildə Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən daha bir tarixi kilsə – Müqəddəs Məryəm Ana kilsəsi əsaslı şəkildə bərpa edilmişdir.

Həmçinin 14 iyul 2013-cü ildə Alban-Udi dini icmasında 80 ildən artıq bir müddətdə unudulan vəftiz ənənəsi yenidən dirçəldildi. 3 avqust 2013-cü ildə dövlətin dəstəyi ilə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyi və Qafqaz Albaniyasında xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş bayram mərasimi keçirildi. O da bir reallıqdır ki, ölkəmizdə yaşayan udilər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir. Çünki təkzibolunmaz tarixi faktlar sübut edir ki, Qafqaz Albaniyasının möhtəşəm maddi-mədəni irsinin yeganə varisi Azərbaycan xalqıdır.

Artıq 30 ilə yaxın bir dövrdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə tarixi Alban kilsələri də əsl həqiqi sahiblərinə qovuşublar. Onların hər biri icma üzvləri tərəfindən ziyarət olunur. Alban-Udi pravoslav icmasının sədr müavini Rafiq Danakari Kəlbəcər rayonundakı Xudavəng monastırına vaiz təyin olunub.

Katolisizm. Xristianlığın bu qolu Bakıda Roma Katolik icması ilə təmsil olunmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə şərait yaranmışdır. Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələr fonunda Katolik icması hərtərəfli dövlət dəstəyi ilə əhatə olunmuşdur.

Qeyd edək ki, ilk dəfə Katolik icması 31 yanvar 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçibdir. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Belə ki, Ulu Öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır.

2007-ci ilin fevral ayında Bakının mərkəzində Katolik kilsəsi ucaldılır. 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik icma arasında Əməkdaşlıq Memorandumu imzalanır.

Azərbaycanla Vatikan arasındakı əlaqələrin yüksək olduğunu göstərən nümunələrdən biri də Roma Papası Fransiskin 2016-cı ilin oktyabr ayının 2-də ölkəmizə rəsmi səfər etməsidir.

Protestantlıq. Hazırda ölkəmizdə protestantlıq müxtəlif cərəyanları ilə təmsil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü – 2” Sumqayıt Xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” Xristian dini icması, “Vineyard Azərbaycan” Xristian dini icması, Bakı şəhəri “Alov” xristian dini icması.