Dövlət və Din — Multikulturalizmin əsas mahiyyəti

Multikulturalizm mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahid və üstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiliklə tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda isə bu hüquqlar daha üstün — konstitusiya təminatı altındadır. Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda “fərqliliklərin” qorunmasına yönələn dövlət siyasətini aydın şəkildə görərik:

Maddə 18. Din və dövlət.

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.

2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır.

Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edilir.

Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60-65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır.

Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 941 dini icma dövlət qeydiyyatına alınmışdır. Onlardan 906-sı islam, 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır (2020).

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edibdir. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, YUNESCO, İSESKO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri də 26-27 aprel 2010-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə təşkil edilmiş Sammitin təşkilatçılığını Azərbaycan hökuməti öz üzərinə götürmüşdür. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak edibdirlər.

Şübhəsiz ki, bu sahədə Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda 5 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edilibdir.

Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən hesab olunur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olunan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforması” adlı sənəd qəbul edilibdir. Forumun işinə 30-dan artıq ölkədən nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar qəbul olunubdur.

2016-cı il dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri iştirak edibdirlər. Konfransın məram və vəzifələrindən məlum olub ki, bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir. Azərbaycan xalqının ənənəsində də tolerantlıq vardır. Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıbdır.

2016-cı il oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycan Respublikasında səfərdə olubdur. Prezident İlham Əliyev Roma Papası Fransisk ilə görüşü zamanı bu il Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirib: “Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm də dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir, bizim ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar…”

2017-ci il dekabrın 21-22-də Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilibdir.

“İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunubdur. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak edibdirlər.

Milli-mənəvi dəyərlərin qorunması və tarixi dini abidələrin bərpası prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində də çoxsaylı layihələr həyata keçirilməkdədir.

Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Fondun layihələrindən biri olan “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazılmışdır. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallığa çevrilibdir.

Hazırda Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələrin, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar və bu gün də bu belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərdən biridir.