Ağoğlan məbədi

Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna – monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun – pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür.

Abidə 1992-ci il may ayının 18-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Laçın rayonunu işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. 2006-cı ildə ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə bu abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar. İşğaldan sonra ermənilər bu məbədi «Cicernavank» adlandırmışlar. 1 dekabr 2020-ci ildə Laçın rayonu işğaldan azad edilmişdir.

  1. “Lachin’s monuments that escaped 28-year captivity”, Defence.Az, 01 December 2020.  http://defence.az/az/news/149306.