Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri
2024-cü il mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar. Bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilir. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub.
XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Şuşanın işğalı zamanı məscidin binası ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdi.
Bərpa prosesi ilə tanışlıq zamanı divarlarda işğal zamanı ermənilərin vandalizm aktlarını göstərən müxtəlif yazılar və həkk olunmuş xaç şəkilləri aşkar edilib.
Bərpa işlərinin məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilməsi məqsədilə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə aparıblar. Konservasiya və restavrasiya işləri çərçivəsində qübbələrin daxili səthində tarixi naxış hissələrinin mikroinyeksiya üsulu ilə bərkidilməsi həyata keçirilib. Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilir. Bərpa işləri, eyni zamanda, mədrəsə bölməsini də əhatə edir.