Aşağı Gövhər Ağa məscidi

Memar Kərbəlayi Səfixan Qarabağinin Şuşa şəhərindəki şah əsərlərindən biri də məşhur Aşağı Gövhər Ağa məscididir. Aşağı Gövhər Ağa məscidinin adı məscidin yerləşdiyi yerin adı ilə uyğunluq təşkil edir. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünən 17 məhəllədən ibarət idi. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşirdi; buna görə də məscid belə adlandırılmışdır. Məscid 1874-1875-ci illərdə Qarabağ xanlığının sonuncu hökmdarı İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsaiti hesabına tikilmişdir.[1]

Demək olar ki, Şuşa şəhərinin məhəllələrində Kərbalayi Səfixan Qarabaği tərəfindən tikilmiş bütün məscidlərin bir-biri ilə oxşar cəhətləri vardır və onların tikintisində ümumi memarlıq üslubu hiss olunur. Bu baxımdan Aşağı Gövhər Ağa məscidi plan və yerləşmə xüsusiyyətlərinə görə Ağdam Cümə məscidi və Yuxarı Gövhər Ağa məscidi ilə oxşarlıq təşkil edir. Lakin ilk iki məsciddən fərqli olaraq birincinin minarələri ön fasadda deyil, arxa fasadın birinci hissəsində yerləşir.[2]

Bir-birindən iki yüz metr məsafədə olan Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri Şuşa şəhərinin Cümə məscidləri kimi tanınır. Gövhər ağanın bu iki məscidi yan-yana tikməkdə əsas məqsədi İslamın iki müxtəlif məzhəbindən olan insanlara ibadət üçün şərait yaratmaq idi.

Aşağı Gövhər Ağa məscidinin əsas fasadı xüsusi bədii memarlığa malikdir. Məscidin girişində üç tağlı geniş eyvan vardır. Bu üç tağlı simmetrik konstruksiya mərkəzdən bərabər məsafədə yerləşən iki səkkizguşəli daş sütunun və kənarlarında yerləşdirilmiş digər iki sütunun üzərində yığılmışdır. Mərkəzdə yığılmış ox formalı tağ yanlarda təsvir edilmiş yarımdairəvi tağlardan hündürdür. Memar hər iki yarımdairəvi tağda yüngül relyef xətləri olan dördbucaqlı həndəsi fiqurlar yerləşdirmişdir. Veranda hər iki tərəfdən eyni hissədən üfüqi xətlərlə bölünmüş şaquli fiqurlarla məhdudlaşır. Verandanın sağ və sol tərəfində aşağı və yuxarı hissələri olan bir cüt pəncərə və yanlardakı taxçalar ümumi şəkildə haşiyələnmişdir. Bu haşiyələrin düzbucaqlı şəkildə olmasına baxmayaraq, taxçaların pəncərə və örtük konstruksiyaları yarımdairəvi formada qurulmuşdur. Şuşanın digər yaşayış binaları kimi, məscidin damı da dördbucaqlı formaya malikdir.

Yuxarıda qeyd edildiyi kimi, memar Aşağı Gövhər ağa məscidinin minarələrini arxa fasadın kənarlarında yerləşdirmişdir. Araşdırmalar göstərir ki, minarələr burada təsadüfən ucaldılmamışdır. Baş fasad dini məktəb binası ilə məhdudlaşır; arxa tərəfində geniş ticarət meydanı yerləşir. Binanı daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirmişdir. Minarə kürsüləri məscidin içərisi ilə deyil, xarici hissəsi ilə birbaşa əlaqədədir; Məscid divarının səviyyəsindən bir qədər hündürdür və təbii əhəng daşından tikilmişdir. Silindrik formalı minarə binası çardağa qədər bişmiş kərpiclə tikilmişdir. Memar bu məscid minarələrin gövdəsini bütövlükdə “Allah” sözünün təkrar yazısı ilə bəzəmişdir. Bu sözlər minarə gövdələrinə xüsusi kərpic düzümü ilə çox məharətlə yazılmış və heyrətləndirici qarışıq ornament yaranmışdır. Aşağı Gövhər Ağa məscidinin əsas giriş qapısı bilavasitə onunla üzbəüz tikilmiş ikimərtəbəli mədrəsənin həyətinə açılır. Mədrəsə həyət tərəfdən bütün fasadı boyu geniş eyvanlarla əhatə olunmuşdur. Birinci mərtəbənin eyvanına düzülmüş sütunlar təbii əhəng daşından səkkizbucaqlı şəklində icra olunmuşdur. Həmin sütunların yuxarısını bir-birilə aypara şəkilli tağ bəndlər tamamlayır. İkinci mərtəbənin eyvanına düzülmüş sütunlar isə təmiz yonulmuş ağac materialından hazırlanmışdır. Sütunlararası məsafələr bütün fəsad boyu taxtadan hazırlanmış məhəccərlə bağlanır. Belə ki, Aşağı Gövhər Ağa məscidi özünəməxsus quruluşuna və memarlıq üslubuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Şuşa şəhərinin digər tarixi-dini abidələri kimi Aşağı Gövhər Ağa məscidi də erməni vandalizminin qurbanına çevrilmişdir. 1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı zirehli texnikanın atəşinə məruz qalan məscid və onun minarələri ciddi şəkildə zədələnmişdir.[3]

[1] “Shusha Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivityhttps://www.armenianvandalism.az/en_shusha.html.

[2] Ministry of Culture and Tourism of the Republic of Azerbaijan, Garabakh: The Eternal Memory of Azerbaijan Heritage, (Baku, 2008), p. 23.

[3] “Shusha Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivityhttps://www.armenianvandalism.az/en_shusha.html.