Çöl Qala məscidi

Çöl Qala məscidi XIX əsrdə Suşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünmüş 17 məhəllədən ibarət idi. Çöl Qala məscidi Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Çöl Qala məhəlləsinin Qasım bəy Zakir küçəsində yerləşir.

Çöl Qala məscidi XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Məscid minarəsiz formada tikilmişdir. Onun forması Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı idi. Məscidin ümumi girişi asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət idi. Şüşə eyvanlı ikimərtəbəli məscid ilk baxışdan dəbdəbəli evi xatırladırdı.

Fasaddan fərqli olaraq, Çöl Qala məscidinin interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi 4 ədəd səkkiz guşəli daş sütunla bəzədilmişdir. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. Məscidin mehrabı ilə üzbəüz ümumi ibadət zalının içərisində (ikinci mərtəbə) qadınlar üçün açıq ibadət zalı tikilmişdir. Qadın bölməsinin ayrıca giriş qapısı və işıqlandırma üçün ayrıca pəncərələri vardır. Ümumi zalı işıqlandırmaq üçün birinci mərtəbədə üç tərəfdən pəncərələr düzülübdür. Bu pəncərələr salonu eyni dərəcədə işıqlandırmağa xidmət edir.

Şuşa şəhərinin digər məşhur abidələri kimi Çöl Qala məscidi də Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən qiymətli tarixi və dini abidələrindən biri hesab olunur. Məscidin taleyi 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğalından sonra şəhərin digər tarixi abidələri kimi olmuşdur. Məscid 28 illik işğal ərzində ermənilər tərəfindən dağıdılmış və talan edilmişdir.