Culfalar məscidi

Culfalar məscidi XIX əsrdə Suşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünmüş 17 məhəllədən ibarət idi. Culfalar məscidi Şuşa şəhərinin aşağı məhəllələrinin tərkibinə daxil olan Culfalar məhəlləsinin Ü.Hacıbəyov və Q.Əsgərov küçələrinin kəsişməsində yerləşirdi.

Məscid XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabağinin memarlıq ideyalarına uyğun tikilmişdir. Hacı Yusifli məscidi kimi Culfalar məscidinin də minarəsi olmamış və zahiri dizaynı düzbucaqlı formada olmuşdur. Məscidin interyeri tamamilə İslam memarlığına uyğun tikilmişdir və iki mərtəbədən ibarətdir. İkinci mərtəbə qadınların namaz qılması üçün nəzərdə tutulmuşdur və birinci mərtəbədəki kimi buradakı qadınlar üçün zalın ayrıca pilləkən və giriş qapısı olmuşdur. Əsas fasadın giriş qapısındakı pəncərələr qadın bölməsini işıqlandırmaq üçün kifayət idi. Sütunsuz dörd divarla əhatə olunmuş, sadə memarlıq quruluşuna malik birinci mərtəbədəki ümumi ibadət zalı əsas fasad və səcdəgah tərəfdən iki pəncərə ilə işıqlandırılırdı. Şuşa şəhərinin digər məşhur məscidləri və tarixi abidələri kimi Culfalar məscidi də Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən qiymətli tarixi-dini abidələrindən biri hesab olunurdu. 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşanın işğalından sonra məscidin taleyi də Şuşanın digər tarixi abidələri kimi olmuşdur. Məscid 28 illik işğal dövründə ermənilər tərəfindən dağıdılmış və talan edilmişdir.