Gəncənin “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir işləri

VIII əsrə aid tarixi memarlıq abidəsi – “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam türbəsi” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksi Gəncə şəhərinin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

XIV əsrin sonu – XV əsrin əvvəllərində inşa edilən, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilən türbə sonralar ziyarətgaha çevrilib. Türbə əsrlər boyu ziyarət yeri olub və dağıntılara məruz qalmasına baxmayaraq fəaliyyətini davam etdirib.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan ziyarətgah 1946-cı ildən pir kimi fəaliyyət göstərib. 1970-ci illərdə türbənin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib. Müxtəlif vaxtlarda, hətta sovet dövründə, xüsusilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə “İmamzadə”də tarixi abidə kimi təmir-bərpa işləri aparılıb. “İmamzadə” piri Gəncənin qədimliyini və İslam aləmindəki yerini sübut etməklə yanaşı, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub.

İmamzadə kompleksinin bərpasına 2010-cu ildə Prezident İlham Əliyevin göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə başlanılıb. Layihəyə məscidin, ibadətgahların, inzibati binaların və ətraf ərazinin bərpası daxildir. Bərpa zamanı kompleksin tarixi memarlığı, o cümlədən mehrab, pəncərələr və döşəmələri olduğu kimi saxlanılıb. Layihəyə yaşıl ərazilərin yaradılması, avtodayanacağın tikilməsi və 33 otaqlı, dəstəmazxana, yeməkxana, konfrans zalı, dini kitabxana və muzeydən ibarət mehmanxananın tikintisi daxildir. Bərpa işləri yerli təşkilatlar tərəfindən aparılıb və Prezidentin Ehtiyat Fondunun dəstəyi ilə həyata keçirilib.

2016-cı il fevralın 17-də Prezident İlham Əliyev kompleksdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.