Hacı Ələkbər məscidi

Kərbəlayi Səfixan Qarabağinin tikdirdiyi dini abidələrdən biri də Azərbaycanın Füzuli rayonunda inşa edilmiş olan Hacı Ələkbər məscididir. Məscid 1889-1890-cı illərdə tikilmişdir. Əsas girişdəki daş kitabədə Hacı Ələkbər məscidinin memarının Kərbəlayi Səfixan Qarabaği olduğu göstərilir. Məscid xeyriyyəçi Hacı Ələkbər bəyin vəsaiti hesabına tikilmişdir. O, məscidin tikintisi üçün vəsait ayırmış, Şuşadan ustalar dəvət etmişdir. Yerli əhali xeyriyyə işlərinə hörmət və ehtiram əlaməti olaraq Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin sol pəncərələrindən birincisi ilə üzbəüz dəfn etmiş və məscidi onun adı ilə Hacı Ələkbər məscidi adlandırmışdır.[1]

Hacı Ələkbər məscidi ikimərtəbəli binadır. Baş plana əsasən məscidin kvadrat formasında olması memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş Şuşa və Ağdam şəhərlərindəki Cümə məscidləri ilə oxşarlıq təşkil edir. Lakin əvvəlki iki məsciddən fərqli olaraq Hacı Ələkbər məscidinin əsas girişi simmetrik deyil. Bu asimmetriyanın səbəbi ikinci mərtəbədə qadınlar üçün nəzərdə tutulmuş şüşəli böyük bir səcdəgah və birinci mərtəbədə əlavə otaqın olmasıdır. “Məscidin digər üç fasadında quraşdırılan sütunlar onun daxili strukturunun davamı hesab olunur. Əsas fasaddakı sütunlara düzbucaqlı həndəsi fiqurlar əlavə etməklə memar bu hissənin daha da gözəl görünməsinə çalışmışdır. Əsas fasadın ağ fonunda həndəsi elementlərlə bəzədilmiş, kamanvari tağı və asimmetrik quruluşu olan tünd rəngli giriş uzaqdan diqqəti cəlb edir”.[2]

İsti yay günlərində  belə məscidə daxil olarkən sərinlik və sükut hiss olunur. Bu xüsusiyyət məscidin memarı tərəfindən yerli iqlim şəraiti nəzərə alınmaqla xüsusi olaraq layihələndirilmişdir. Məsciddə dörd ədəd səkkiz guşəli sütun var idi. Bu sütunlar məscidin ibadət zalının sərdabəsinə və doqquz mərkəzi günbəzinə dayaq olmaqla onu üç hissəyə (nef) ayırırdı. Daha əvvəl qeyd edildiyi kimi, ikinci mərtəbənin səcdəgahı ilə üzbəüz memar yalnız qadınların istifadəsi üçün şüşəli bir veranda tikmişdi. Məscidin bu özünəməxsus memarlıq üslubu Şuşa və Ağdam şəhərlərində yerləşən Cümə məscidlərini xatırladır. Məscid Qarabağın məşhur kilimləri və xalçaları ilə bəzədilmişdi. “Hacı Ələkbər məscidinin tədqiqi göstərmişdir ki, Kərbəlayi Səfixan Qarabağinin minarəsiz məscidlərinin siyahısına daxil olan bu abidədə yerli inşaatçılar tərəfindən vaxtilə bərpa işləri aparılmış və nəticədə binanın dam örtüyü müasirləşdirilmiş, üzbəüzdə yerləşən hovuzun  görünüşü kortəbii formada dəyişdirilmişdir”.[3]

1993-cü ildə Ermənistan tərəfindən Füzuli rayonu işğal edildikdən sonra məscid erməni vandalizmi ilə üzləşmiş, sökülərək yararsız vəziyyətə salınmışdır.

[1] “Fizuli Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivehttps://www.armenianvandalism.az/en_fizuli.html.

[2] Garabaghli, Rizvan, “Monuments of Architecture in Fizuli (Mosques)”, Problems of Arts and Culture: International scientific journal, No. 1(67), 2019, p. 63.

[3] Garabaghli, “Monuments of Architecture in Fizuli (Mosques)”, p. 64.