Hacı Yusifli məscidi

Hacı Yusifli məscidi XIX əsrdə Suşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünmüş 17 məhəllədən ibarət idi. Hacı Yusifli məscidi şəhərin şimal hissəsində, Şuşa şəhərinin aşağı məhəllələrindən biri olan Hacı Yusifli məhəlləsinin Qasım bəy Zakir və Q.İsmayılov küçələrinin kəsişməsində yerləşirdi.

Hacı Yusifli məscidi XIX əsrdə tikilmişdir. Məscidin minarəsi yox idi və xarici dizaynı düzbucaqlı formada idi. Məscidin interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin ümumi girişi asimmetrik şəkildə düzülmüş əsas fasad pəncərələrindən və qapı girişindən ibarət idi. Qapının girişində aypara formalı tağlar vardır. Bu tağların üstünə qoyulmuş daş kitabələr xüsusi olaraq işlənmişdi və məscidə xüsusi yaraşıq verirdi. Hacı Yusifli məscidinin ümumi zalında qadınlar üçün ayrıca ibadət otağı tikilmiş və məscidin həmin hissəsinə daxil olmaq üçün ümumi girişin yanında ayrıca qapı qoyulmuşdu. Həmin qapının daxili astanasından başlayan pilləkənlər birbaşa qadın bölməsinə aparırdı. Ümumi giriş qapısının yuxarısındakı bir cüt pəncərə məscidin qadınlar üçün olan hissəsini kifayət qədər təbii işıqla təmin edirdi. Əsas və yan fasadlarda düzülmüş pəncərələr məscidin sütunsuz ibadət zalını işıqlandırırdı. Hacı Yusifli məscidinin yanında xalqın istifadəsində olan Şuşanın məşhur mineral su bulağı var idi. 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğalına qədər şəhərin digər məşhur məscidləri və tarixi abidələri kimi Hacı Yusifli məscidi də əsaslı təmir olunmuşdu. Məscid Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən qiymətli abidələrindən biri hesab olunur.