İçərişəhərdəki “Bəylər” məscidində bərpa işləri

1895-ci ildə inşa olunan “Bəylər” məscidi İçərişəhərin əhəmiyyətli tarix-memarlıq abidəsidir. Bu məscid zalın böyüklüyünə və Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunan tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Minarənin yuxarı hissəsi Qərbi Avropaya xas dekorativ elementlərlə, interyeri isə bədii daşyonma sənəti nümunələri ilə bəzədilib.

“Bəylər” məscidində bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edərək məscidin qapı və pəncərələrini memarlıq elementləri ilə bəzəyib.

Bərpa işləri nəticəsində muzeyləşdirilən məsciddə “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb. Sərgidə 73 Qurani-Kərim, 7 dini kitab, 19 dini atribut – ümumilikdə, 99 eksponat nümayiş olunur. Kolleksiyada müxtəlif dövrlərə aid qədim Quranlar, o cümlədən oddan qorunan vərəqlər və Dərbənd məscidinin divarlarında qorunan Quranlar yer alır.

2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bəylər məscidinin açılış mərasimində iştirak ediblər.