Mardinli məscidi

Mardinli məscidi XIX əsrdə Suşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünmüş 17 məhəllədən ibarət idi. Mardinli məscidi Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Mardinli məhəlləsinin Sadıqcan və Qaraşərov küçələrinin kəsişməsində yerləşirdi.

Şuşa şəhərinin digər məşhur məscidləri və tarixi abidələri ilə birlikdə Mardinli məscidi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən qiymətli tarixi-dini abidələrindən biri hesab olunurdu. 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşanın işğalından sonra məscidin taleyi də Şuşanın digər tarixi abidələri kimi olmuşdur. İyirmi səkkiz illik işğal dövründə məscid ermənilər tərəfindən dağıdılmış və talan edilmişdir.