Müqəddəs Yelisey məbəd kompleksi

Müqəddəs Yelisey Məbəd Kompleksi Tərtər rayonunun Suqovuşan kəndinin şimal-şərqində, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşir. Rəvayətə görə, məbəd V əsrdə Albaniyada xristianlığın ilk təbliğçisi Yeliseyin şərəfinə tikilmişdir. Kompleksin qalası orta əsrlərdəki Azərbaycan şəraiti  üçün xarakterikdir, çox rahat mövqeyə və güclü müdafiəyə malikdir.

Kompleks hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qalanın qərb qapısı kompleksin müdafiəsinə zəmanət verir. Qalanın daxilində baş məbəd, kilsələr, ikimərtəbəli yaşayış evi, xidməti binalar və tövlələr daxil olmaqla 18 müxtəlif tikili vardır.

Əsas məbəd iki otaqdan ibarətdir. Birinci otaq kvadrat formada olub, iki sütun və iki yarım sütun vasitəsilə üç hissəyə (nef) bölünür. Mərkəzi hissə (nef) digərlərindən xeyli yüksəkdir. Neflər silindrik tonozlarla örtülmüşdür. Damda dörd sütunun üzərində qüllə yerləşir. Əsas məbədin ikinci hissəsi düzbucaqlı ibadət zalıdır.

Məbədin fasadları səliqəli yonulmuş daşla örtülmüşdür. Məbədin ikinci binası məbədin sağ tərəfində yerləşən nisbətən kiçik kilsədir. Əsas məbədin sağ və sol tərəflərində altı ibadətgah vardır. Qaladan 1 km aralıda çayın üzərində tikilmiş bir aşırımlı körpü qala ilə əsas əlaqə yolu idi. Müqəddəs Yelisey məbəd kompleksi XIV əsrə aiddir.

  1. “Terter Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivityhttps://www.armenianvandalism.az/en_terter.html.
  2. “Monasteries and Temples”, Karabakh.orghttps://karabakh.org/karabakh-culture/architecture/monasteries-and-temples/.