Saatlı məscidi

XIX əsr Şuşa şəhərinin tarixi-dini abidələrindən biri də görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş olan Saatlı məscididir. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünmüş 17 məhəllədən ibarət idi. Saatlı məscidi Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Saatlı məhəlləsində yerləşirdi. Saatlı məscidi Pənah Əli xanın 1759-cu ildə tikdirdiyi məscid və mədrəsənin yerində 1883-cü ildə tikilmişdir. Yuxarıda deyildiyi kimi, məscidin memarı Kərbəlayi Səfixan Qarabaği olmuşdur. Qeyd edək ki, 1910-cu ildə Saatlı məscidinin minarəsini bərpa edərkən Kərbəlayi Səfixan Qarabaği minarədən yıxılmış və bu hadisədən doqquz gün sonra 93 yaşında vəfat etmişdir.[1]

Saatlı məscidi Kərbəlayi Səfixan Qarabağinin son şah əsərlərindən sayılır. Məscid Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Məscidin üç hissəli (nefli) ibadət zalı və Qarabağ memarlığına xas olan xüsusi naxışlarla bəzədilmiş iki kərpic minarəsi vardır. Məscidin minarələrinin ümumi quruluşu Yuxarı Gövhər Ağa və Ağdam Cümə məscidlərinin minarələrinə bənzəyir.[2] Saatlı məscidi 1980-ci illərdə təmir olunsa da, işğaldan sonra xarabalığa çevrilmişdir. 1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra onun zəngin interyeri tamamilə, minarəsi isə qismən ermənilər tərəfindən dağıdılmışdır.[3]

[1] Qarabagli, Rizvan, “The Demos of Karabakh”, Vision of Azerbaijan, March-April 2010.  http://www.visions.az/en/news/39/ef80ff99/.

[2] “Shusha Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivityhttps://www.armenianvandalism.az/en_shusha.html.

[3] “Saatli Mosque”, Ministry of Culture of the Republic of Azerbaijan, 15 October 2020.  http://mct.gov.az/en/common-news/13264.