Zəngilan məscidi
2024-cü il mayın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən Zəngilan məscidinin açılışında iştirak ediblər. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holding” MMC-nin dəstəyi ilə həyata keçirib. Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra – 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub.
Ermənistanın 30 illik işğalı zamanı Azərbaycanın bir çox dini, tarixi və mədəniyyət abidələri dağıdılmış və vandalizmə məruz qalmışdı. Bura tövlə kimi istifadə edilən Zəngilanın tarixi məscidi də daxil idi. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılmış, ilkin görkəminin 70 faizə qədərini itirmişdi.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.
Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.