Zərdüştçülük

Zərdüştçülük atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştçülüyün Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştçülüyə görə dünyada iki başlanğıc – Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcəkdir və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlardır. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştçülüyün yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.

Zərdüştçülük əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştçüləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştçülər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüştçülük əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisindən Dərbəndə qədər zərdüştçülük sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştçülər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştçülük yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfüqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştçülük, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.

Orta əsrlərdən etibarən zərdüştçülük Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.