Ağdam Cümə məscidində aparılan bərpa işləri

Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868–1870-ci illərdə tikilib. Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin mart ayından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb. “PAŞA Holding” şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunub.

Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Ərazidəki dağıntılar aradan qaldırılıb, məscidin daxilində sütunların və kənar divarların yanında kəşfiyyat qazıntıları, giriş hissəsindəki tarixi daş döşəmənin üzə çıxarılması, tarixi və texniki tələblər əsasında müvafiq suvaq nümunələrinin yaradılması, sınıq günbəzin və tağların taxta konstruksiyalarla bərkidilməsi işləri yerinə yetirilib.

Damdakı günbəzlərin zədələnmiş suvağı aradan qaldırılıb, günbəzlər və anbarlar əhəng qatı ilə gücləndirilib. Məscidin içindəki daşlar, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib. Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənərək bərpa olunub, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiyası işləri görülüb.

Məsciddə işğal dövründə – 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da nümayiş etdirilir.

2024-cü ilin aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamın Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.