Ağdam Cümə məscidi

Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişə əsasən Ağdam erməni işğalından azad edildikdən sonra, Ağdama səfəri zamanı jurnalistlər Cümə məscidi haqqında belə yazırdılar: “XIX əsrə aid Ağdam Cümə məscidi bəlkə də işğaldan sonrakı illərdə baxımsızlığa tab gətirən yeganə tikilidir. Lakin onun doqquz günbəzindən birində böyük dəlik və güllələrdən dəlik-deşik olan mehrabın [altar] üzərində dəhşətli keçmişin yaraları vardır”.[1]

Ağdam Cümə məscidi memar Kərbəlayi Səfixan Qarabağinin şah əsərlərindən və Qarabağın qiymətli tarixi-dini abidələrindən biridir. Məscid 1868-1870-ci illərdə tikilmişdir. Məscid Ağdam şəhərində M.F.Axundov küçəsində yerləşirdi.

Ağdam Cümə məscidi ibadət zalının özəyi ortada dörd sütun olan ənənəvi kvadrat formadan ibarətdir. Meydanın şərq və qərb tərəflərində oyulmuş üç cərgə dərin taxçalar salonun məkanını genişləndirərək ona düzbucaqlı forma vermişdir. İbadət zalının cənub divarının ortasında hündür uca mehrab taxçası quraşdırılıb. Nəfis mehrab taxçasında memarlıq dekorasiyası ustasının (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu – ustad Məhəmməd Nəqqaş Təbrizinin) adı və təmir tarixi (hicri təqvimi ilə 1331, miladi 1913) həkk olunmuşdur.[2]

Məscid dörd sütunlu kvadrat plana malikdir və ənənəvi olaraq orta əsrlər Azərbaycan memarlığının bir hissəsi olan iki gözəl minarə ilə bəzədilmişdir. Binanın özü daşdan, fasadın künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür.[3] Orta əsrlər Azərbaycan memarlığında geniş yayılmış iki minarəli məscid ənənəsinə davam edən memar Kərbəlayi Səfixan Qarabaği öz dövrünün çağırışına, həmçinin Qarabağın memarlıq və tikinti təcrübəsinə uyğun olaraq orijinal məscid tipini – Ağdam Cümə məscidini yaratmışdır.[4] Məscid Qarabağ bölgəsindəki məscidlər üçün səciyyəvi üslubda tikilmişdir, burada ikimərtəbəli qalereyada daş sütunlardan və günbəzli tavanlardan istifadə edilmişdir. Üslubuna görə Ağdam Cümə məscidinə bənzəyən Bərdə məscidi, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi, Füzulidəki məscid və Horadiz kəndindəki məscid vardır.

Lakin 1993-cü ilin iyulunda Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdamın işğalı zamanı Ağdam şəhərindəki digər tikililər və tarixi abidələr kimi Cümə məscidi də talan edilərək dağıdılmışdır. Qeyd olunduğu kimi, 1991-1994-cü illər Birinci Dağlıq Qarabağ müharibəsi nəticəsində bütün şəhər ermənilər tərəfindən dağıdılmış və məscid Ağdam şəhərində qalan yeganə tikili olmuşdur. Məscid  yağmalanmış, tövlə kimi istifadə edilmiş, damı və çardağı sökülmüş, pəncərələri, qapıları, daxili bəzəyi və mərmər döşəməsi dağıdılmışdır.[5] Bununla bağlı 2007-ci ildə məscidə baş çəkmiş fotoqraf Andrey Qalafyev bildirirdi ki, “Məscidin döşəməsi gündüzlər Ağdamın xarabalıqlarında dolaşan mal-qara tərəfindən tamamilə çirklənibdir”. Bundan başqa, Associated Press bununla bağlı yazır ki, “Ermənistanın nəzarəti altında qalan məscid illər boyu mal-qara və donuz tövləsi kimi istifadə edilib və bu, azərbaycanlıların qəzəbinə səbəb olmuşdur”.[6] Beləliklə, məscidin hazırkı vəziyyəti Ermənistan Respublikası tərəfindən “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyası”nın pozulmasını bir daha nümayiş etdirir.

[1] Cetinkaya, Behlul and Rehimov, Ruslan, “Azerbaijan: Residents recall lost glory of Aghdam city”, AA, 28 November 2020.  https://www.aa.com.tr/en/azerbaijan-front-line/azerbaijan-residents-recall-lost-glory-of-aghdam-city/2059164.

[2] “Aghdam Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivityhttps://www.armenianvandalism.az/en_aghdam.html.

[3] “Aghdam Juma Mosque”, Ministry of Culture of the Republic of Azerbaijan, 05 October 2020. http://mct.gov.az/en/common-news/13238.

[4] “Aghdam Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivityhttps://www.armenianvandalism.az/en_aghdam.html.

[5] Carlotta Gall and Anton Troianovski, “After Nagorno-Karabakh War, Trauma, Tragedy and Devastation”, The New York Times, 12 December 2020.  https://www.nytimes.com/2020/12/11/world/europe/nagorno-karabakh-armenia-azerbaijan.html.

[6] Manenkov, Kostya, “Azerbaijani leader hails handover of region ceded by Armenia”, AP, 20 November 2020.  https://apnews.com/article/azerbaijan-handover-region-armenia-2d0d88c012fdd16732cecd35d134cabf.