Çöl Qala məscidində aparılan bərpa işləri

XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olan Çöl Qala məscidi Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Çöl Qala məhəlləsinin Qasım bəy Zakir küçəsində yerləşir. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Düzbucaqlı şəklində inşa edilən bu məscid Şuşa şəhərinin əksər məscidlərindən fərqli olaraq minarəsiz formada tikilib, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub.

Çöl Qala məscidinin interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi səkkizguşəli dörd daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. Məscidin mehrabı ilə üzbəüz ümumi ibadət zalının içərisində qadınlar üçün açıq ibadət zalı tikilib.

Məscid Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb və talan edilib.

Çöl Qala məscidinin yaxınlığında isə XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Bulağın divarları dördbucaq formasında olub və yaxınlığında yerləşən məscidlərin üslubunda tikilib. İşğal dövründə bulaq da dağıdılıb, daş kitabələri məhv edilib.

Çöl Qala məscidinin bərpasına “PAŞA Holding”in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən 2023-cü ildə başlanılıb. 2024-cü ilin mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buradakı görülmüş işlərlə tanış olublar.

Həm məsciddə, həm də bulaqda aparılan bərpa işləri onların tarixi əhəmiyyətini və memarlıq bütövlüyünü qorumaq məqsədi daşıyır.