Əjdərbəy məscidində aparılan əsaslı təmir işləri

2010-cu ildə Prezident İlham Əliyev müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınan Əjdərbəy məscədinin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdır. Məsciddə yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə aparılması üçün dövlət büdcəsindən vəsait ayrılmışdır.

2011-ci ilin dekabrında məscid əsaslı təmir və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Günbəzi göy rəngdə olduğuna görə “Göy məscid” kimi də tanınan Əjdərbəy məscidi 1912–1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov tərəfindən tikilmişdir. Məscid Oktyabr inqilabından sonra bağlanmış, 1940-cı illərdə yenidən fəaliyyətə başlamışdır. Əvvəllər 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuş məscidə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra gələnlərin sayı xeyli artdığına görə həm təmirə, həm də genişləndirmə ehtiyac yaranmışdı.

Təmirdə məscidin tarixi görkəmi qorunmaqla müasir texnologiyadan istifadə olunub. Məsciddə kişi və qadınlar üçün ayrı-ayrılıqda dəstəmazxanalar tikilmişdir, təmir-bərpa işlərindən sonra burada eyni vaxtda üç minə yaxın mömin ibadət edəcəkdir. Ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində də ibadət üçün xüsusi sahə ayrılmışdır. Burada Mədinədəki Peyğəmbər məscidində olduğu kimi, hərəkətli tavanlar quraşdırılmışdır.

Məscidin Qurani-Kərimdən ayələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Məscidin girişində Əjdərbəy Aşurbəyovun məzarı yerləşir. Burada qadınlar üçün də ayrıca ibadət yeri yaradılmışdır və indi əvvəlkindən ən azı on dəfə daha böyük bir ərazini tutur.