Füzuli rayonunun Qaraxanbəyli kəndində yerləşən məscid (Qaraxanbəyli məscidi)

Qaraxanbəyli məscidi XIX əsrdə Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndində tikilmişdir. Məscid zahiri görünüşü ilə Kərbəlayi Səfixan Qarabağinin Şuşa şəhərində tikdirdiyi məscidləri xatırladır.

Qaraxanbəyli məscidinin divarının küncləri, qapılarının kənarları, pəncərələri yastı və hamarlanmış daşlarla haşiyələnmişdir. Məscid formasına görə kənd evlərinə bənzəyir. Asimmetrik olan məscidin əsas girişi üstü tağvari formada olan daşla tamamlanır. Daş yuxarıdan yarımdairəvidir. İçəridə beş kiçik yarımdairəyə bölünür. Mərkəzi yarımdairənin üzərində ay və ulduzlar, digərlərində isə ahəngdarlıqla həkk olunmuş bitki ornamentləri vardır. Məscidin kitabəsi bu yarımdairələrin altındadır. Əsas qapının sağ tərəfində bir pəncərə vardır. Digər məscidlər kimi Qaraxanbəyli məscidinin də mehrabla üzbəüz, döşəmə səviyyəsindən 1,2 m hündürlükdə yerləşən ibadət zalında qadınlar üçün xüsusi hissə vardır. Bu səviyyədə yerləşən pəncərələr əsasən qadınlar üçün ayrılan yerin işıqlandırılması üçün tikilmişdir. “Məscidin yastı formalı damı səkkiz taxta sütunla dəstəklənir. Zalda iki cərgədə olan sütunlar onu üç nefə ayırır. Hər iki tərəfdən düzülmüş pəncərələr ibadət zalını işıqlandırır”.[1]

[1] Garabaghli, Rizvan, “Monuments of Architecture in Fizuli (Mosques)”, Problems of Arts and Culture: International scientific journal, No. 1(67), 2019, p. 69.