Füzuli rayonunun Qoçəhmədli kəndində (Qoçəhmədli məscidi) məscid

Azərbaycanın qədim məscidlərindən biri də Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən Qoçəhmədli məscididir. Məscid Qoçəhmədli kəndinin yuxarısında, Şükür bəyə məxsus malikanənin qarşısındakı dağətəyi düzənlikdə yerləşir. Məscid Kərbəlayi Səfixan Qarabağinin dini memarlıq abidələrinin sonuncusu hesab olunur. Giriş qapısının üzərindəki kitabədən məlum olur ki, Qoçəhmədli məscidi 1905-1906-cı illərdə tikilmişdir. Ölçüsündə kiçik fərqlər olsa da, Qoçəhmədli məscidi zahiri və daxili memarlıq üslubuna, dizaynına görə Hacı Ələkbər məscidini xatırladır. Qoçəhmədli məscidinin ibadət zalında dörd səkkizguşəli daş sütun vardır. “Yayvari tağlar və günbəzlər, eyni ox üzərində yerləşdirilmiş yükdaşıyıcı divar səthindəki sütunlar Hacı Ələkbər məscidindəki ilə demək olar ki, eyni struktur elementləridir”.[1]

Qoçəhmədli məscidi iki mərtəbədən ibarətdir. “İkinci mərtəbədə yerləşən qadınlar üçün səcdəgahla üzbəüz yerləşən şüşə qalereyanın və məscidin yan tərəfindən yuxarı qalxan ayrıca girişinin olması memarın öz yaradıcılığına və üslubuna sadiq qaldığını əyani şəkildə nümayiş etdirir”.[2]

[1] Garabaghli, Rizvan, “Monuments of Architecture in Fizuli (Mosques)”, Problems of Arts and Culture: International scientific journal, No. 1(67), 2019, pp. 68-69.

[2] Garabaghli, “Monuments of Architecture in Fizuli (Mosques)”, pp. 68-69.