Hacı Cavad məscidi

2017-ci ilin aprel ayında Prezident İlham Əliyev Yasamal rayonun “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsini dayandırmış və məsələnin hərtərəfli araşdırılması barədə göstəriş vermişdi. Araşdırmaların nəticəsinə uyğun olaraq, yeni məscidin tikilməsi və yalnız bundan sonra əvvəlki məscidin sökülməsi barədə qərar qəbul edilmişdi. Yeni məscidin tikintisinə 2 iyul 2017-ci il tarixində Abbas Mirzə Şərifzadə küçəsində başlanılmışdı.

Prezident İlham Əliyev məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayıb, görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Tikinti işləri tamamlandıdan sonra 2018-ci ilin aprel ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin açılış mərasimində iştirak ediblər.

Qısa müddət ərzində tikintisi başa çatan Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Məscidin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxilində xüsusi ornamentlərdən istifadə olunub, günbəzin kənarlarına Quran-Kərimdən ayələr yazılıb.

Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin daxilində müasir texnologiyalarla işləyən havalandırma sistemləri quraşdırılmış və xüsusi olaraq toxunan “Namazgah” xalısı döşənib. Məscidin ərazisində, imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları, içməli su anbarı, qazanxana və parkinq sahəsi inşa olunub.