Heydər məscidi
2014-cü il dekabrın 26-da Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin iştirakı ilə Heydər məscidinin açılış mərasimi keçirilib.
Məscidin tikintisinə ölkə başçısının sərəncamı ilə 2012-ci ilin sentyabrında başlanılıb. Bu möhtəşəm memarlıq əsəri cəmi iki il ərzində tamamlanıb.
Prezidentin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub. Günbəzin kənarlarına Qurani-Kərimdən ayələr yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.