Horadiz qəsəbəsində yerləşən məscid (Horadiz məscidi)

Horadiz məscidi Horadiz kəndinin mərkəzində qədim kəhrizin yanında yerləşir. Onun ümumi ölçüləri 13,7×18,18 m-dir. Horadiz məscidinin fasadındakı kitabələrə əsasən məscid Hacı Molla Abdullahın təşəbbüsü ilə 1890-1891-ci illərə tikilməyə başlamışdır. Lakin müəyyən səbəblərdən məscidin tikintisi bir müddət dayanmış və yalnız 1908-ci ildə Hacı Molla Abdullanın oğlu Hacı Məmmədqulu bu nəcib işi başa çatdırmışdır. Məscidin fasadındakı digər kitabə isə tikintini Hacı Məmmədqulunun başa çatdırdığını sübut edir. Maraqlıdır ki, məscidin tikintisinin təşəbbüskarları Hacı Molla Abdulla və oğlu Hacı Məmmədqulu olsalar da, məscidə onların adları verilməyib. Bunun üçün ehtimal odur ki, təşəbbüskarlara baxmayaraq, kəndin bütün sakinləri məscidin xərclərini öz üzərlərinə götürüblər və onun tikintisində çalışıblar. Ehtimal olunur ki, bu səbəbdən məscid adsız qalmış və sonradan Horadiz Cümə məscidi kimi fəaliyyət göstərmişdir.[1]

Horadiz məscidi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə məscidin ibadət zalında zalı üç hissəyə (nef) ayıran dörd səkkizguşəli daş sütun var. Məscidin mehrabı ilə üzbəüz ikinci mərtəbədə qadınların istifadəsi üçün daxili dizaynla bütünləşən şüşə qalereya var. Məscidin 2-ci mərtəbəsindəki pəncərələrin qarşısında portalın yan tərəfində üst fasadda taxtadan hazırlanmış eyvan onu Qarabağ bölgəsinin digər məscidlərindən fərqləndirir və məscid daha çox adi yaşayış binasına bənzəyir. Bu taxta eyvanlar dini mərasimlər zamanı müəyyən rol oynayırlar. Horadiz qəsəbəsinin köhnə sakinlərinin dediyinə görə, molla, axund və ya digər nüfuzlu şəxslər yerli əhaliyə müraciət etmək üçün bu eyvanlardan istifadə edirdilər.[2]

Horadiz məscidinin digər fərqləndirici cəhəti onun fasadında və portalında 10 daş kitabənin olmasıdır. Yazılar fərqli həndəsi formadadır. “Məsələn, birinci mərtəbənin pəncərələri arasındakı dörd daş kitabə dairəvi, portalın üstündəki – trapes, girişin sağında və solunda olanlar – dördbucaqlı, girişin tamamlayıcısı olan daş – tağşəkilli və nisbətən yuxarıdakı düz, üstü isə yarımdairəvidir. Həndəsi forması ilə fərqlənən bu daşlar kimi, yazılar da məzmunca fərqlənir. Girişin kənarında və üstündə dini mövzularla bağlı olan həmin yazılar daha çox diqqəti cəlb edir”.[3] Qeyd edək ki, Horadiz məscidinin 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından əvvəl bərpa planı var idi. Lakin işğal nəinki bərpanı yarımçıq qoymuş, hətta 27 il ərzində ermənilər tərəfindən işğal edildiyi dövrdə məscid işğalçılar tərəfindən sökülmüşdür.

[1] Garabaghli, Rizvan, “Monuments of Architecture in Fizuli (Mosques)”, Problems of Arts and Culture: International scientific journal, No. 1(67), 2019, pp. 67-68.

[2] Garabaghli, “Monuments of Architecture in Fizuli (Mosques)”, p. 67.

[3] Garabaghli, “Monuments of Architecture in Fizuli (Mosques)”, p. 67.