Mamayı məscidində aparılan bərpa işləri
Mamayı məscidi Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Əvvəllər Mamayı məscidinin damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Bu məhəllədə məscid, bulaq, kiçik meydan və hamam olub.
Erməni işğalı zamanı məscidə və ona bitişik bulağa ciddi ziyan dəymişdi. Erməni qüvvələri Mamayı bulağının üzərindəki yazıları silmiş, əvəzinə xaç işarəsi həkk edərək və bulağın üzərinə erməni və rus dillərində lövhələr yerləşdirərək onu erməniləşdirməyə cəhd göstərmişlər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.
Heydər Əliyev Fondunun təşəbbüsü, “PAŞA Holding”in dəstəyi ilə məsciddə və məscid ərazisindəki bulaqda 2023-cü ildən bərpa işlərinə başlanılıb.
Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Tarixən sərt ağac materialından hazırlanmış mehrab diqqətlə bərpa edilmişdir. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, yararsız halda olan döşəmə yenidən qurulub.
2024-cü ilin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin bərpadan sonra açılışında iştirak ediblər.