Mehmandarovların ailə məscidi

Mehmandarovlar soyunun nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilmiş malikanə kompleksinə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.

Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabr ayından başlayıb. Evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədələnmiş divarda bərkitmə işləri aparılıb. Eyvanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa olunub.

Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və “Güldəstə”sini də əhatə edir.

2022-ci ilin sentyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.