Şəki Xan məscidi kompleksində aparılan bərpa işləri
Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin may ayından Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xan məscidi kompleksində bərpa işləri başlanmışdır.
Məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Məsciddə aparılan bərpa işləri çərçivəsində 2021-ci ilin iyun ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilib. Arxeoloji qazıntılar zamanı 52 muncuq və bürünc təsbeh başlığı ilə dəfn olunan bir məzar tapılmışdı ki, bu da dəfn edilmiş şəxsin yüksək statusunu göstərir. Radiokarbon və genetik analizlərin aparılması məqsədilə aşkar edilən skeletdən nümunələr götürülərək Heydər Əliyev Fondunun dəstəyi ilə Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilib. Böyük Britaniya, Avstriya, Estoniya, Türkiyədə aparılan tədqiqatlar, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.
2021-ci il ərzində ərazidə yerləşən tikililər – məscidin əsas binası və minarə, yardımçı tikililər, kompleks ərazisinin hasarı və orada yerləşən məzarlıq skan edilib, məscidin 3D modeli hazırlanıb. Aparılan bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yer bişmiş kərpiclə yenidən döşənilib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Eyni zamanda, məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.
Məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki xanlığı dövrünə aid fərqli eksponatların nümayiş olunduğu muzey də yaradılıb. Burada mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr ev əşyaları, Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, yazılı ədəbiyyatlar, XVIII–XIX əsrə aid sikkələr və silah nümunələri nümayiş olunur.
Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014-2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi təqdim olunur. Bununla yanaşı, xan otağını gözəl şahmat oyunu ilə hamını heyran edən Məhəmmədhüseyn xanın şahmat taxtası, onun daima oxuduğu Qurani-Kərim bəzəyir. Otaqda XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının bayrağı və Şəki xanı Səlim xanın döyüş bayrağı da nümayiş etdirilir. Xan otağında “Müştaq” təxəllüsü ilə şeirlər yazan və o dövrün məşhur şairləri ilə məktublaşan Məhəmmədhüseyn xanın yazı masası da təqdim olunur.
2022-ci ilin dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.