Salyandakı Cümə məscidində aparılan bərpa işləri

1865-ci ildə tikilmiş tarixi abidə – Cümə məscidi sovet dövründə ciddi dəyişikliklərə məruz qalmış, o cümlədən 21 günbəzdən altısı sökülərək anbar kimi istifadə edilmişdir. Sonralar məscid rayonun rəsm qalereyasına ev sahibliyi etmişdir. Abidə 1992-ci ildən etibarən yenidən məscid kimi fəaliyyət göstərir. Cümə məscidi 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli tarixi abidə olaraq qorunur.

2003-cü ildə Kür çayının daşması nəticəsində yeraltı suları məscidə ziyan vurmuş, daha doqquz günbəzin uçması, onu yararsız hala salmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa işləri 2010-cu ilin fevralında başlamış və 2011-ci ilin iyununda başa çatdırılmışdır. İbadət üçün hər cür şərait yaradılmış məsciddə hazırda 18 günbəz, 12 sütun və bir minarə var. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev 2012-ci ilin mart ayında Salyan rayonuna səfəri zamanı Cümə məscidində aparılan əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.