Suqovuşan qəsəbəsində yeni məscid
İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il mart ayının 20-də Tərtər rayonuna səfərləri zamanı Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq məscidin layihəsi barədə məlumat verdi.
Bildirildi ki, ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.