Şuşada yeni məscid

2021-ci il may ayının 12-də ölkə prezidenti Cənab İlham Əliyevin Azərbaycanının mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı Şuşada yeni məscidin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.

8 rəqəmini əks etdirən məscidin memarlıq üslubu rəmzi xarakter daşıyır və Şuşanın işğaldan azad edildiyi və artıq rəsmi olaraq Azərbaycan tarixinə Zəfər Günü olaraq düşən 8 noyabr tarixini özündə təcəssüm etdirəcək. Məscidinin iki minarəsi isə Şuşa və Qarabağın tam işğaldan azad edildiyi noyabr ayını özündə ehtiva edən 11 rəqəmini əks etdirəcək. Məscid Şuşa şəhərinin yuxarı hissəsində inşa ediləcək.