Təzəpir məscid kompleksində əsaslı yenidənqurma

2009-cu ilin iyulun 6-da əsaslı yenidənqurma və genişləndirmə işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilmişdir. Açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak etmişlər.

Məhz Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmışdı. Layihənin memarlıq işləri Ə.Məmmədov, F.Miralayev və E.Mikayılzadəyə tərəfindən, icrası isə “İnam-AŞ” şirkəti tərəfindən həyata keçirilmişdi. Yenidənqurma işlərinin gedişi zamanı məscidin kürsü hissəsi üzə çıxarılmış, divarın sınmış daşları yeniləri ilə əvəz olunmuş, qapı və pəncərələr yenilənmiş, müasir havalandırma və döşəməaltı istilik sistemləri quraşdırılmışdır.

Ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və gümbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur. Mehrab kaşı və mərmərdən yığılmış, gümbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənmişdir. Məscidin qadınlar üçün ibadət hissəsi fıstıq ağacından hazırlanmış şəbəkə ilə ayrılmış və yeni pilləkən quraşdırılmışdır. Döşəməyə 720 nəfərlik “Namazgah” xalı döşənmişdir. Əsas zalda 52, qadınların ibadət etdiyi hissədə isə 5 divar çilçırağı asılmışdır.

Məscidin döşəməsi 30 santimetrə qədər dərinliyə salınmış, döşəməaltı istilik sistemi qurulmuşdur. Onun ərazisinə 50 avtomobillik dayanacaq, müasir elektrik binası, kiçik mərasim zalları, qurbangah və ayrıca dəstəmaz yerləri daxildir. Torpağın altında 480 kubmetr həcmində su çəni quraşdırılmış, yüksək gücə malik generator və əlavə elektrik tənzimləyicisi qoyulmuşdur. Kompleksin ətrafında 4500 kvadratmetr sahəyə Ukrayna və Hindistandan gətirilmiş qranit-mərmər plitələr döşənmişdir. Binaların fasadları Qızılqaya daşından yonulmuş şəbəkə və mürəkkəb memarlıq detalları ilə üzlənmişdir.

Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəz Qızılqaya daşı ilə örtülmüş, üzərində Quran ayələri yazılmışdır.

Kompleksin ərazisində Qafqaz Müsəlmanları İdarəsinin beşmərtəbəli inzibati binası, o cümlədən kitabxana, konfrans otaqları və digər obyektlər tikilmişdir. Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, kiçik konfrans zalı, 6000 kitablıq kitabxana yerləşir. Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş, tavanda 32 çilçıraq quraşdırılmış və dini verilişlərin hazırlanması üçün ministudiya yaradılmışdır.

Mustafa Sübhi və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində oyma detallarla bəzədilmiş portal tipli yeni darvaza quraşdırılmışdır. Məscidin qarşısında üç fəvvarəli hovuz tikilmişdir. Məscidin qarşısında sürüşmənin qarşısını almaq üçün xüsusi dəmir-beton konstruksiya quraşdırılmış və torpaq qatı yol səviyyəsindən 1 metrə qədər götürülmüşdür. Lev Tolstoy küçəsi yenidən qurularkən torpaq işi görülmüş, qonşu binaların fasadı bərpa edilmiş, səki daşı döşənmişdir. Məscidin ərazisinə iri avtomobillərin girişi üçün ayrıca metal darvaza quraşdırılmışdır.

Yenidənqurma işləri zamanı Bakı İslam Universitetinin yeni tədris korpusu da inşa edilmişdir. Korpusun hər mərtəbəsində 250 tələbənin yerləşə biləcəyi 10 sinif otağı, yeməkxana və kitabxana yerləşir. Bütün məscid kompleksinə xidmət göstərən müasir istilik sistemi və “Çiller” ventilyasiya sistemi quraşdırılmışdır.