“Xanım Fatimeyi-Zəhra” məscidi
2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.
Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500–550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı. Mövcud vəziyyəti nəzərə alan Prezident İlham Əliyev yeni məscid kompleksinin müasir konsepsiyasının hazırlanmasına dair göstəriş vermişdi.
Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Bura ağac materialından hazırlanmış şəbəkələr də daxildir. Məscid kompleksini diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.
Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir. Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb. Qısa müddət ərzində tikinti işləri tamamlanan məsciddə eyni zamanda 1800 nəfərin ibadət etməsi mümkündür.