Yuxarı Gövhər Ağa məscidinin bərpası
Əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan Yuxarı Gövhər Ağa məscidi 2021-ci ilin sonlarından başlanan təmir işləri nəticəsində bərpa edilmişdir. Müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabaği olan məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənilib.
Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri “PAŞA Holding”in maliyyə dəstəyi ilə Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Məscidin daxilindən götürülən nümunələr təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.
Bərpa işlərinə əsaslı möhkəmləndirilmə, işğal zamanı dəymiş ziyanın aradan qaldırılması və pəncərə çərçivələri üçün dekorativ daş işlərinin yenidən qurulması daxildir. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib. Bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb, mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb.
Mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentlərini və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb. Sərgidə onun Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Sərgidə onun astronomiya ilə bağlı çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də nümayiş olunur.
2023-cü ilin mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər. Prezident İlham Əliyev və Mehriban Əliyeva həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər.