Zirə Cümə məscidi

Bakının ən qədim dini ocaqlarından biri olan Zirə Cümə məscidi kompleksi tədricən yararsız vəziyyətə düşmüşdü. 2015-ci ilin əvvəllərindən başlanan tikinti işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə nəticələndi. Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə inşa olunub.

Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin ərazisində kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Kompleksin ərazisində geniş yaşıllaşdırma işləri görülüb.

2016-cı ilin iyunun 16-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılış mərasimində məsciddə yaradılan şəraitlə tanış olublar.