Gəncəsər monastır kompleksi

Gəncəsər monastırı Kəlbəcər rayonunun Vəngli kəndində yerləşir. Kompleks Qafqaz Alban Katolikoslarının qərargahı olmaqla yanaşı, Cəlairilər sultanlığının, Alban Hersoqlarının və Katolikosların ziyarətgahı idi. Daha çox Xəznədağ məbədi kimi tanınan Gəncəsər monastırı XIX əsrdə tikilmişdir. Monastırın yerləşdiyi Xaçınçay çayı üzərindəki təpə müqəddəs hesab edilərək, eramızdan əvvəlki dövrdə bütpərəst məbədinə çevrilmişdir.

Tarixçilərin fikrincə, Dağlıq Qarabağ bölgəsində yerləşən Xaçen Qafqaz Alban Knyazlığının çiçəklənmə dövrü XII-XIII əsrlərə təsadüf edir. Xaçendə Həsən Cəlalın (1215-1261) hakimiyyəti Alban İntibahına gətirib çıxardı və onun hakimiyyəti dövründə Gəncəsər monastırının tikintisi başa çatdırıldı. Gəncəsər məbədinin qədim hissələri Həsən Cəlalın hakimiyyət illərindən xeyli əvvəl və Xaçın hökmdarı olmuş Cəlairilərin ailə qəbrinin olduğu yerdə mövcud olmuşdur. Həsən Cəlal 1261-ci ildə burada dəfn olunmuşdur. Gəncəsarın əsas kilsəsi 1216-1238-ci illərdə Alban patriarxı katolikos Nersesin məsləhəti və Həsən Cəlalın əmri ilə tikilmişdir. Hökmdarın özü bu kilsəni “Albaniyanın taxt-tac kilsəsi” adlandırmışdır. Kilsənin daş kitabəsində yazılmışdır: “Bu kilsə albanlar üçün tikilmişdir”. Bu kilsədə 84 daş sütun vardır. Vəngli kəndində yerləşən Gəncəsər məbəd kompleksi orta əsrlər alban memarlığının incisidir və erməni memarlığında onun analoqu yoxdur. Həsən Cəlalın yaşadığı dövr Qafqaz tarixində zənginliyi ilə seçilir. Həmin əsrin əksər tarixçiləri həmin dövrün ətraflı təsvirini vermişdirlər. Onların bəziləri (məsələn, Gəncədən olan Kirakos) həmin dövrdə baş verən tarixi hadisələrdə fəal iştirak edirdilər.

Gəncəsər monastırı XIII əsrdən XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəniyyət mərkəzi olmuşdur. Bu, 1863-cü ilə qədər sonuncu Alban Katolikosunun iqamətgahı olan ən məşhur Alban monastırıdır. Monastırın memarlığı çarpaz-qübbəli kompozisiyadır. Onun mənbələri VII-XI əsrlərə aiddir.

Kompleks – kilsə, xüsusi giriş otağı və dəstəkləyici sütunlardan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Hücrələr və əlavə otaqlar şimal və cənub divarları ilə birləşir. Kompleksin cənub darvazasının yanındakı məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, kilsənin əsasını 1216-1238-ci illərdə Alban hersoqu Həsən Cəlal qoymuşdur. Xaçşəkilli, günbəzli və düzbucaqlı formada olan kilsənin künclərində ikimərtəbəli uzunsov otaqlar (16,95-12,25 metr) yerləşir. Yarımdairəvi səcdəgah xaç formalı ibadət zalının şərq tərəfində yerləşir. Hündür kupol formalı günbəz ibadət zalının mərkəzi hissəsini əhatə edir. Barabandakı 4 böyük və 4 kiçik pəncərə ibadət zalının interyerini tam işıqlandırır.

Məbədin divarları həm iç, həm də çöl tərəfdən səliqəli kəsilmiş kirəmit plitələrlə örtülmüşdür. Kilsənin xaçvari planı ənənəvi olaraq onun həcm kompozisiyasına da çıxarılmış, mərkəzi hissəsi hündür günbəzlə nəzərə çarpdırılmışdır. Küncdəki mehrabın üstündə hündür zəng qülləsi qaldırılmışdır. 16 üzlü zəng heykəltəraşlıq təsvirləri – mifoloji simvollarla, oyma naxışlar, qabartmalarla bəzədilmiş və çeşidli daşlarla naxışlanmış, günbəzin çətir formalı damı ilə tamamlanmışdır. Kilsənin ön hissəsi tağ sırası ilə bəzədilmişdir. Kilsənin qərb çatısındakı iri xaçda İsanın çarmıxa çəkilmiş fiquru Turan üslubunda, monqol hörükləri ilə təsvir olunmuş, onun yanlarında, başlarında türk-monqol papaqları olan apostol fiqurları qoyulmuşdur. Tədqiqatçıların fikrinə görə, bu heykəl kompozisiyası Elxanilər dövrünə aiddir.

Gəncəsər kilsəsi Azərbaycanın xristian memarlığı ənənələri əsasında tikilmişdir. Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Qarabağ Elxani hökmdarının yaylaq yeri idi. Hülaku xanları və onların xristian türk xanımları, xüsusilə Hülaku xanının baş xanımı Dokuz xatunun  (həmçinin xristian və türk) çox sevdikləri bu yaylaq yerində kilsə və monastırlar inşa etdirmişdirlər. Onlardan ən önəmlisi də Gəncəsər monastırı olmuşdur. Bu monastırın təməlini qoyan Həsən Cəlal Hülaku xanın izni ilə Çingiz Xan imperiyasının paytaxtı Qaraqorum şəhərindəki qurultaya nümayəndə göndərilmişdi.

Heykəllərin növləri, istifadə olunan türk mifoloji heyvan və quş fiqurları, eləcə də oymalarda olan  Şərqi türk motivləri monastırın tikintisinin Həsən Cəlalın ölümündən (1261) sonra başa çatdığını sübut edir. Tədqiqatçılar bu kilsəni Qafqazda yarımdairəvi aypara və xaç formalı günbəzli kilsələrin ən mükəmməl nümunəsi hesab edirlər.

Kilsəyə qərb tərəfdən kvadrat planlı sütunsuz iri salon birləşdirilmişdir. Onun örtük konstruksiyasının əsasını bir-biri ilə kəsişən iki cüt perpendikulyar tağ-nervyurlar təşkil edir. Onların kəsişməsindən mərkəzdə alınan kvadratdan stalaktitlərlə dairəyə keçən bacanın üstündə səkkizsütunlu yüngül rotonda qurulmuşdur. Salon örtüyünün kompozisiya özəyi bu bacanın iç hissəsinə qeyri-adi bədiilik verən mürəkkəb və incə stalaktit quruluşudur. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir.

Elxanilər dövründə Azərbaycanın orta əsr memarlığının zirvəsi olan Gəncəsər monastırı Azərbaycan türk-xristian memarlığının daha bir şah əsəridir. 1511-ci ildən Gəncəsər monastırı Alban katolikoslarının qərargahı olmuşdur.

1836-cı ildə ermənilər Rusiya İmperiyasının Müqəddəs Sinoduna rüşvət verərək Rusiya imperiyasının fərmanı ilə Alban katolikliyini ləğv etməyə nail oldular. Nəticədə alban kilsələri Eçmiədzin katolikliyinə tabe oldular. Daha sonra ermənilər Monastırın tarixini saxtalaşdıraraq alban dini abidələrini “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim etməyə başladılar. Məlumdur ki, erməni saxtakarları Qafqaz Albaniyasının və onun bütün memarlığının erməni tarixinə aid olduğunu hər cür sübut etməyə çalışırlar. Onların Alban tarixinə və abidələrinə dair iddialarının heç bir elmi əsası yoxdur. Qafqaz Albaniyasının abidələrinin memarlıq planlaşdırılması və tikinti üsulları Ermənistanın memarlıq abidələrindən xeyli fərqlənir. Azərbaycanın alban memarlarının özünəməxsus, fərqli memarlıq planlaşdırma və tikinti üsulları var idi.

  1. Ministry of Culture and Tourism of the Republic of Azerbaijan, Garabakh: The Eternal Memory of Azerbaijan Heritage, (2008), pp. 155-157.
  2. “Kalbajar Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivityhttps://www.armenianvandalism.az/en_kalbajar.html.
  3. “Ganjasar Monastery Complex”, Ministry of Culture of the Republic of Azerbaijan, 16 October 2020.  http://mct.gov.az/en/common-news/13267.
  4. “The Christian History of Karabakh”, Virtual Karabakhhttps://www.virtualkarabakh.az/en/post-item/22/37/the-christian-history-of-karabakh.html.
  5. “Karabakh’s Cult Architecture”, Karabakh. orghttps://karabakh.org/karabakh-culture/architecture/karabakhs-cult-architecture/.