IV Fəsil. Dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqları
Maddə 21. Dini ayinlər, mərasimlər və atributlar
Dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır.
Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir.
Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dini ibadət, ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilir. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.
Azərbaycan Respublikasında fəaliyyət göstərən dini mərkəz (idarə) tərəfindən dəvət edilmiş və ya Azərbaycan Respublikasında rəsmi səfərdə olan əcnəbi və ya vətəndaşlığı olmayan din xadimi tərəfindən dini ibadət, ayin və mərasimlərin aparılmasına yol verilir.
Hərbi hissənin komandanlığı döyüş əməliyyatları, döyüş növbətçiliyi, qarovul və qarnizon xidməti, hərbi təlimlər ilə əlaqədar olan hallar istisna olmaqla, asudə vaxtlarında hərbi qulluqçuların dini ibadət etmələrinə mane ola bilməz. Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hərbi hissənin komandanlığının razılığı ilə yol verilir.
Tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlər həmin müəssisələrdə olan şəxslərin xahişi ilə keçirilir. Həmin qurumlar din xadimlərinin dəvət olunmasına yardım göstərir, dini ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və digər şərtlərinin müəyyənləşdirilməsində iştirak edirlər.
Dini qurumlar tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlərin təşkili məqsədilə həmin müəssisələrə müraciət edə bilərlər.
Dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız dini ibadət yerlərinin və ziyarətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Maddə 22. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları
Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.
Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.
Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.
Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti
Dini qurumlar həm müstəqil, həm də təsis etdiyi fondlar, o cümlədən ictimai fondlar vasitəsi ilə xeyriyyəçilik və mədəni-maarif fəaliyyəti göstərirlər.
Maddə 24. Dindarların və dini qurumların beynəlxalq əlaqələri və ünsiyyəti
Vətəndaşlar və dini qurumlar tək və ya qrup halında beynəlxalq dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə iştirak edə, ziyarətlərə gedə bilərlər. Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.