Yuxarı Gövhər Ağa məscidi

Yuxarı Gövhər Ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanınında yerləşir və mədəni-dini memarlıq üslubunun ən möhtəşəm tikililərindən biridir. Məscid həmçinin Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun ən qiymətli abidələrindən sayılır. Məscidi Azərbaycanın görkəmli memarlarından biri, Kərbəlayi Səfixan Sultanhüseyn oğlu Qarabaği 1883-1884-cü illərdə təkcə Şuşanın deyil, bütün Qarabağın ən qiymətli tarixi-mədəni abidələrini inşa etdirmiş İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsaiti hesabına tikmişdir. [1]

Məscidin adı – “Yuxarı Gövhər Ağa” adı məscidin yerləşdiyi yerlə əlaqədardır. Şuşa şəhəri yuxarı və aşağı məhəllələrə bölünən 17 məhəllədən ibarət idi və Yuxarı Gövhər Ağa məscidi  şəhərin yuxarı hissəsində yerləşirdi.

Şuşa şəhəri ilə bağlı tədqiqatlar aparılan zaman etibarlı faktlar göstərir ki, daha əvvəllər Yuxarı Gövhər Ağa məscidinin yerində Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qamış qarışığından bir məscid tikdirilmişdir. Sonralar 1768-ci ildə bu məscid İbrahimxəlil xan tərəfindən daşdan tikdirilmiş digər məscidlə əvəz edilmişdir. Lakin İbrahimxəlil xanın tikdirdiyi və minarəsi olmayan məscid natamam görkəminə görə qızı Gövhər ağanın göstərişi ilə tamamilə dağıdılmış və yerində Yuxarı Gövhər Ağa adlanan iki minarəli yeni məscid tikilmişdir. [2]

Yuxarı Gövhər Ağa məscidinin ibadət zalı üç hissədən (nef) ibarətdir, təxminən 185-190 kvadrat metrdir. Şimal hissəsində yerləşən üç tirli eyvan məscidə düzbucaqlı forma (26,5 x 21,5 metr) verir. Verandanın künclərində iki minarə vardır və eyvana qalxan pilləkənlər ibadət zalının qadın otaqlarına keçmək üçün istifadə olunur. Məsciddə ibadət zalını hissələrə (neflərə) ayıran 6 daş sütun vardır. Yan hissələr sivri örtük altında olsa da, iki kvadrat hissəsi günbəzlidir. İnteryer ikiqat pəncərələrdən işıqlandırılır. Məscidin iki minarəsi vardır. Bütün bina daşdan, minarələr isə kərpicdəndir. “Minarələrin silindrik gövdələri üfüqi kəmərlərə malikdir və hər bir hissənin üzərinə müxtəlif kərpic naxışları döşənmişdir”.[3] Bu tikinti texnikası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağda tikdirdiyi bütün böyük dini abidələrdə, o cümlədən Ağdam Cümə məscidində və Aşağı Gövhər Ağa məscidində tətbiq edilmişdir. Son iki məsciddə olduğu kimi, Yuxarı Gövhər Ağa məscidinin minarəsinin platforması təbii əhəng daşından tikilmişdir. Lakin Yuxarı Gövhər Ağa məscidində minarələrin həndəsi ornamentləri Aşağı Gövhər Ağa məscidinə bənzəmir. Onun Ağdam Cümə məscidinin minarələri ilə oxşar cəhətləri vardır. “Minarələrin çardaq damı ağacdandır.  Damın ucu aypara fiqurla bəzədilmişdir”.[4]

Yuxarı Gövhər Ağa məscidi 1969-cu ildən 1992-ci ilin mayında Şuşanın Ermənistan tərəfindən işğalına qədər tarix muzeyi kimi istifadə edilmişdir. Şəhərə hücum zamanı Yuxarı Gövhər Ağa məscidinin minarələri ermənilər tərəfindən dağıdılmışdır. Ermənilər məscidin tarixi ilə bağlı faktları saxtalaşdıraraq, məscidi fars məscidi kimi təqdim etməyə çalışırdılar. Ermənilər bu cür əməli ilə Dağlıq Qarabağ və ətraf rayonların 30 illik işğalı zamanı bir çox tarixi və dini abidələri erməniləşdirmək üçün əllərindən gələni əsirgəmirdilər. Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin “bərpa edilməsi” onun erməni qəsbkarlarının Azərbaycanda “maddi, mədəni və dini abidələrin mənimsənilməsi və mənşəyinin dəyişdirilməsi” siyasətinin tərkib hissəsidir. Beləliklə, bu məscidi fars məscidi kimi təqdim etməyə çalışan işğalçı ölkə [Yuxarı Gövhər Ağa məscidini] “yenidən tikməklə” Şuşanın qədim Azərbaycan şəhəri olmasına kölgə salmağa çalışırdı”.[5]

[1] Gurbanov, Rafi, Armenian Terror: religious and historical monuments of Azerbaijan (Baku, 2018), p. 18.

[2] Gurbanov, Armenian Terror, p. 19. See also: A letter of Appeal by the State Committee on Religious Associations of the Republic of Azerbaijan to the international authority on replacing Azerbaijani scripts of “Yukhari (Upper) Govhar aga” mosque by Armenia in the occupied city of Shusha. DK-400g, 25 July 2018.

[3] Ministry of Culture and Tourism of the Republic of Azerbaijan, Garabakh: The Eternal Memory of Azerbaijan Heritage, (2008), pp. 21-23.

[4] Kurt, Salih, “Azerbaijani monuments in captivity: Shusha district”, Trtajans.eu, 27 October 2020.  https://www.trtajans.eu/66-education-career/guide/566-shusha-district.html.

[5] Mahmudov, Faig, “Azerbaijani MFA comments on news disseminated by Armenian media regarding repair of Yukhari Govharagha mosque”, Onlayn Xəbər Agentliyi (ONA), 08 October 2019. https://ona.az/en/nagorno-karabakh/azerbaijani-mfa-comments-on-news-disseminated-by-armenian-media-regarding-repair-of-yukhari-govharagha-mosque-9234.