Amaras Monastır Kompleksi
Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olan Amaras şəhərinin qalıqları eyniadlı çayın sağ sahilində yerləşən Xocavənd rayonunun Cütçü kəndində qalmaqdadır. Tarixi mənbələrə əsasən, IV əsrdə Amarasda ilk xristian məbədi ucaldılmış və alban yepiskoplarından biri orada dəfn edildikdən sonra bu abidə ziyarət yerinə çevrilmişdir. Amaras monastırının dünyanın ən qədim xristian ibadətgahlarından biri olduğu iddia edilir. Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilib və burada sərdabədə (və ya altar altında) dəfn edilib.
Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır.
Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır. Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir.
Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur. Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının — Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.
- Ministry of Culture and Tourism of the Republic of Azerbaijan, Garabakh: The Eternal Memory of Azerbaijan Heritage, (2008), p. 103.
- “Khojavand Region”, Armenian Vandalism: Azerbaijani Monuments in Captivity. https://www.armenianvandalism.az/en_khojavand.html.
- “Khojavand Region”, Karabakh Foundation. http://karabakhfoundation.com/heritage-center-online/karabakh/karabakh-regions/khojavand-region/.